
Bakı. Trend:
Martın 12-14 tarixlərində keçirilən XIII Qlobal Bakı
Forumu maraqlı müzakirələri ilə yenidən dünya ictimaiyyətinin
diqqətini Azərbaycana yönəltdi. “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan Forum bu
dəfə də dünyanı düşündürən aktual məsələlərin müzakirəsi ilə
əlamətdar oldu. Eyni zamanda, tədbirdə nüfuzlu və tanınmış siyasi
liderlərin iştirakı Qlobal Bakı Forumunun mühüm siyasi platforma
olduğunu bir daha nümayiş etdirdi.
Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən başlayaraq
keçirilir. Forumda hər il onlarla ölkədən görkəmli dövlət
xadimləri, fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları,
tanınmış siyasətçilər, diplomatlar, media nümayəndələri iştirak
edirlər ki, bu da tədbirin siyasi çəkisini, nüfuzunu və
əhəmiyyətini daha da artırır. Qlobal Bakı Forumu siyasi liderlərə
dünyanı narahat edən məsələləri müzakirə etməyə, problemlərin həlli
yollarının tapılması istiqamətində təşəbbüslərin uzlaşdırılmasına
şərait yaradır, habelə dövlətlərarası əməkdaşlığa, siyasi
münasibətlərə konstruktiv töhfə verir, qarşılıqlı siyasi anlaşma
üçün əlverişli imkanlar formalaşdırır. Forumda irəli sürülən
təkliflər həm problemlərin həlli, həm də yeni əməkdaşlıqların
yaranması ilə bağlı yeni düşüncələrin formalaşmasına töhfə
verir.
Bu tədbirin Bakıda keçirilməsi isə respublikamıza qlobal
səviyyədə verilən böyük önəmin göstəricisidir. Coğrafi baxımdan
Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər
tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında
mühüm rolunu nümayiş etdirir. O cümlədən xalqımızın qədim tarixi,
zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı
olmayan dünya belə tədbirlər vasitəsilə Azərbaycanı daha yaxından
tanıyır.
Qeyd etdiyim kimi XIII Qlobal Bakı Forumu “Keçid dövründə olan
dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr
olundu. Dünyada münaqişə və müharibələrin geniş vüsət aldığı bir
vaxtda tədbirin məhz bu mövzuya həsr olunması mühüm əhəmiyyət kəsb
etdi. Forumun sessiyalarında parçalanmış dünya nizamının müxtəlif
sahələrdə – hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı,
texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat
marşrutlarında necə təzahür etdiyi araşdırıldı. Müzakirələrdə
həmçinin yeni formalaşan sahələrin – kritik minerallar, təmiz
enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl
texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyi və dövlət
siyasətini necə mürəkkəbləşdirdiyi nəzərdən keçirildi.
Forumun xüsusi diqqət mərkəzində olan məqamı Azərbaycan
Prezidenti cənab İlham Əliyevin tədbirin açılış mərasimində etdiyi
çıxış oldu. Bildiyimiz kimi, dövlətimizin başçısının regionda və
dünyada cərəyan edən siyasi və iqtisadi proseslərə baxışı və
qənaətləri hər bir beynəlxalq tədbirdə iştirakçılar tərəfindən
böyük maraqla qarşılanır. Cənab İlham Əliyevin XIII Qlobal Bakı
Forumundakı nitqində toxunduğu məsələlər də müasir dünyanı
düşündürən məsələlərin həll yollarının müəyyən edilməsi və bu
sahədə yeni ideyaların formalaşması baxımından mühüm əhəmiyyət kəsb
etdi.
Prezident İlham Əliyevin Forumdakı çıxışı əsasən müasir
çağırışları əhatə edən sülh, təhlükəsizlik, sabitlik, o cümlədən
enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişaf
etdirilməsi ilə bağlı oldu. Müasir dünya olduqca narahat günlərini
yaşayır. Son olaraq Yaxın Şərqdə baş verənlər sülh, təhlükəsizlik
və müdafiə məsələlərinin hər bir dövlət üçün nə qədər böyük
əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Forumda Prezident İlham
Əliyevin çox düzgün olaraq qeyd etdiyi kimi, indi heç vaxt olmadığı
qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri
hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır, çünki
bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır.
Dövlətimizin başçısının dünyaya məhz bu çağırışı etməsi
ölkəmizin nümunəsində konkret təcrübəyə əsaslanır.
Azərbaycan əraziləri 30 il işğal altında qaldı. Ədalət və
beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, respublikamız bəzi
beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkdi, BMT
Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Belə
reallıqlar şəraitində respublikamız BMT Nizamnaməsinin 51-ci
maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində güc
yolu ilə ərazilərini işğaldan azad etdi. Bunun ardınca isə
Azərbaycan siyasi yollarla regionda sülhü, təhlükəsizliyi və
əməkdaşlığı təmin edir. Beləliklə, ərazilərin güc yolu ilə azad
edilməsindən regionda sülhün yaradılmasına qədər gedilən yol
Azərbaycanın ziddiyyətli dünya nizamında yaratdığı unikal bir
nümunədir. Hansı ki, İkinci Dünya müharibəsindən sonra heç bir
münaqişə bu şəkildə yoluna qoyulmayıb. Prezident İlham Əliyev
Forumdakı çıxışında bunu nadir bir təcrübə kimi dəyərləndirdi:
«2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı
ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və
düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll
üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq
sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək
zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha
sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da
müasir tarixdə, – müasir dedikdə son onillikləri nəzərdə tuturam, –
nadir bir təcrübədir – ölkə özü güc tətbiq edərək suverenliyini və
ərazi bütövlüyünü bərpa etdi».
Ən əsası, Prezident İlham Əliyevin dediyi kimi bu, bir daha
göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və
sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.
Artıq Azərbaycanla Ermənistan arasında yeddi aydır ki, faktiki
sülh şəraiti mövcuddur. Ötən ilin avqustunda Vaşinqtonda sülh
sazişi layihəsinin paraflanmasından sonra baş verənlər sülhün
üstünlüklərini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin XIII
Qlobal Bakı Forumundan verdiyi «Sülhdən daha yaxşı heç nə
yoxdur» mesajı dünyaya edilən bəşəri bir çağırışdır.
XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı tərəfindən
səsləndirilən fikirlər Azərbaycanın regional sülhün təminatçısı
olmaqla yanaşı, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı
zəmanətçilərindən olması barədə beynəlxalq ictimaiyyətdə
formalaşmış qənaətləri daha da möhkəmləndirdi. Bir il əvvələ qədər
12 dövlət Azərbaycandan təbii qaz alırdı, bu gün isə onların sayı
16-ya çatıb. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə təbii qaz
ixracatçısı kimi dünya lideridir. Prezident İlham Əliyev XIII
Qlobal Bakı Forumunda bir daha bəyan etdi ki, Azərbaycan təbii
qazın, o cümlədən elektrik enerjisinin ixracını artıracaq və qlobal
enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Prezident İlham Əliyevin Forumdakı nitqində toxunduğu
məsələlərdən biri də nəqliyyat dəhlizləri barədə oldu. Bu gün
regional və qlobal gündəmin əsas müzakirə mövzularından biri
nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsidir. Çünki nəqliyyat
dəhlizləri əməkdaşlıq, təhlükəsizlik və sülh deməkdir. Bu reallığı
Azərbaycan dövləti hər zaman düzgün qiymətləndirir. Təsadüfi deyil
ki, Azərbaycan həm Orta Dəhlizin, həm Şimal-Cənub nəqliyyat
dəhlizinin tam gücü ilə fəaliyyət göstərməsində fəal iştirak edən
dövlətdir. Bu baxımdan Prezident İlham Əliyevin XIII Qlobal Bakı
Forumunda çıxışı zamanı nəqliyyat dəhlizlərinə yer ayırması həm də
dünyaya əməkdaşlıq istiqamətində verilən mühüm mesaj idi. Çünki
məhz bu kimi faktorlar həm də sülhə və təhlükəsizliyə xidmət
edir.
Sözsüz ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında
toxunduğu məsələlər, səsləndirdiyi mesajlar beynəlxalq ictimaiyyəti
narahat problemlərin həlli istiqamətində yeni yanaşmaların
formalaşmasına böyük töhfə verəcək. Bütövlükdə isə XIII Qlobal Bakı
Forumunda irəli sürülən təkliflər, edilən təşəbbüslər dünyada
əməkdaşlığın möhkəmlənməsinə, mövcud problemlərin ortaq həll
yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə xidmət
edəcək.
Milli Məclisin deputatı,
Xanlar Fətiyev


