
Bakı. Trend:
“Formula-1” prezidenti Stefano Domenikali aprel ayında
keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran
Prilərinin ləğv edilməsi ilə bağlı açıqlamadan sonra rəsmi bəyanat
yayıb.
Trend xəbər verir ki, Bəhreyn
və Səudiyyə Ərəbistanında keçiriləcək “Formula-1” yarışları rəsmi
olaraq ləğv edilib.
“Bu qərarı vermək çətin olsa da, təəssüf ki, Yaxın Şərqdəki
vəziyyət nəzərə alınmaqla yeganə düzgün qərar idi. FIA-ya və gözəl
təşkilatçılarımıza göstərdikləri dəstəyə və tam anlayışa görə
təşəkkür etmək istəyirəm, çünki onlar yarışı xarakterik enerji və
həvəslə keçirməyi səbirsizliklə gözləyirdilər. Həmçinin şərait
imkan verən kimi geri qayıtmağı səbirsizliklə gözləyirik”, –
Domenikali çempionatın rəsmi saytında bildirib.
Bəyanatda bu tədbirlərin əvəz edilməsindən bəhs edilmir, yəni
2026-cı il “Formula-1” mərhələləri 24-dən 22-yə endirilib.
“Formula-1” mövsümünün üçüncü mərhələsi bu həftə sonu Çində
keçiriləcək. Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar ləğv
edildiyi üçün mövsümün dördüncü mərhələsi 3 mayda Mayamidə
keçiriləcək.


