Bakı. Trend:
Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı bu gün
ümumxalq səsverməsi təşkil olunacaq. Referendum çərçivəsində
vətəndaşlardan təqdim edilən Konstitusiya layihəsinə dəstək
vermələri və ya onu rədd etmələri istəniləcək.
Trend xəbər verir ki,
Konstitusiya islahatları təşəbbüsü Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
Dövlət başçısı 2025-ci ilin sentyabrında 30 ildən artıq
müddətdir qüvvədə olan Konstitusiyada dəyişikliklərin aparılmasını
təklif edib. O, xüsusilə ikipalatalı parlament sisteminin
birpalatalı parlament modeli ilə əvəz olunmasını təklif edib.
Daha sonra, bu ilin yanvar ayında Tokayev vitse-prezident
vəzifəsinin təsis olunması, məsləhətçi qurumlarda islahatların
həyata keçirilməsi, Konstitusiyanın preambulasında dəyişikliklər
edilməsi və bir sıra digər düzəlişlərin aparılması ilə bağlı
təkliflər irəli sürüb.
İslahatların hazırlanması məqsədilə 100-dən artıq siyasətçi,
ekspert və ictimai xadimdən ibarət Konstitusiya Komissiyası
yaradılıb. Komissiyanın yekun rəyinə əsasən, təklif olunan
dəyişikliklər mövcud Konstitusiyanın 80 faizdən çoxunu əhatə
etdiyinə görə yeni əsas qanun layihəsinin hazırlanması qərara
alınıb.

