Ötən il üzrə ödəniş sistemləri ilə reallaşdırılan göstəricilər məlum olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda Milli Ödəniş Sisteminin (MÖS) əsas
komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar
Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi
(XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən
ödənişlərin həcmi 840.9 milyard manat, ödənişlərin sayı isə 145.2
milyon ədəd olub.

Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, 2025-ci il ərzində AZIPS vasitəsilə emal olunan
əməliyyatların sayı 2.4 milyon ədəd, həcmi isə 784 milyard manat
təşkil edib. 2024-cü illə müqayisədə AZIPS vasitəsilə kommersiya
bankları tərəfindən icra olunan əməliyyatların sayında 3.5%, həcmi
üzrə isə 5.7% artım qeydə alınıb.




XÖHKS vasitəsilə 2025-ci il ərzində 54.3 milyard manat həcmində
132.8 milyon ədəd ödəniş əməliyyatının klirinqi həyata
keçirilib.

Eyni zamanda Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən
biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən AÖS
vasitəsilə icra edilən əməliyyatların sayı isə 2024-cü illə
müqayisədə 12.5 dəfə, həcmi 90.1% artıb.