
Bakı. Trend:
Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə
dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması
istiqamətində əməkdaşlığı davam etdirəcək.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini,
COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər
Təşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər
Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu
proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş
cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı
tərəfləri bir araya gətirir:
“Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə
ölkənin müstəqillik tarixində ən mühüm beynəlxalq tədbirlərdən
birini təşkil edib. Onun sözlərinə görə, əldə olunan nəticələr COP
prosesində əlamətdar mərhələ kimi yadda qalıb.
COP çərçivəsində yüksəksəviyyəli çempionlar mühüm rol oynayır və
onların fəaliyyəti hökumətlərarası danışıqları qeyri-dövlət
aktorlarının töhfələri ilə tamamlayır”.
Rəfiyev Türkiyədə keçiriləcək COP31-ə hazırlıq prosesinə də
toxunaraq bildirib ki, bu tədbirin yüksəksəviyyəli çempionu olan
Samet Arvas iqlim sahəsində zəngin təcrübəyə malikdir və artıq
müxtəlif maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.
“Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri
Murat Kurum COP31-in təyin olunmuş prezidenti kimi hazırlıq
prosesinə fəal şəkildə rəhbərlik edir”, – o əlavə edib.


