
Bakı. Trend:
Artan geosiyasi gərginlik və yüksək texnologiyalar sahəsində
məhdudiyyətlər fonunda dünya qlobal texnoloji sistemin paralel
ekosistemlərə parçalanması ilə üzləşə bilər.
Trend xəbər verir
ki, bunu Monteneqronun keçmiş müdafiə naziri Militsa
Peyanoviç-Durişiç bu gün “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı
Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, son onilliklər ərzində dünya texnoloji
sistemi vahid və qarşılıqlı əlaqəli məkan kimi inkişaf edib; bu
sistemdə innovasiyalar müxtəlif ölkələrdə yaradılır, təchizat
zəncirləri, standartlar və infrastruktur isə inteqrasiya olunmuş
şəkildə fəaliyyət göstərirdi.
“Bu gün biz yeni tendensiyanın şahidi oluruq: qlobal innovasiya
sistemi müxtəlif standartlara, təchizat zəncirlərinə və texnoloji
platformalara malik paralel ekosistemlərə bölünə bilər”, – deyə o
qeyd edib.
Peyanoviç-Durişiç vurğulayıb ki, bu cür proseslər çox vaxt ABŞ
və Çin arasında rəqabət prizmasından qiymətləndirilsə də, onların
nəticələri qlobal xarakter daşıyır və bütün ölkələrə təsir
göstərir.
O, buna misal olaraq yarımkeçiricilər sektorunu göstərib.
Bildirib ki, bir mikrosxemin istehsalı bir ölkədə layihələndirməni,
digər ölkədə yığılmanı, üçüncü ölkədə isə istifadəsini ehtiva edə
bilər.
“Bu gün isə belə model ixrac məhdudiyyətləri və qlobal texnoloji
istehsalın strukturunu dəyişən yeni sənaye strategiyaları
səbəbindən təzyiq altındadır”, – o bildirib.
Onun sözlərinə görə, getdikcə daha çox dövlət yarımkeçirici
istehsalı da daxil olmaqla strateji əhəmiyyətli sahələrdə öz
istehsal imkanlarını inkişaf etdirməyə çalışır ki, bu da tədricən
daha çox regionallaşmış texnoloji sistemlərin formalaşmasına
gətirib çıxarır.
O əlavə edib ki, texnoloji rəqabətin güclənməsi dünya
iqtisadiyyatında uzunmüddətli dəyişikliklərə səbəb ola və
beynəlxalq əməkdaşlığa yeni yanaşmalar tələb edə bilər.


