
Bakı. Trend:
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar
təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara
qulluq göstərilməsi məqsədi ilə “Novruz bayramını təmiz şəhərlə
qarşılayaq” devizi ilə şənbə günü, martın 14-də paytaxtda
genişmiqyaslı təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas
küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və
canlılara ziyansız yuyucu maddələrlə yuyulub.
Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki
kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol
kənarındakı məhəccərlərin, park və istirahət yerlərində
oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış
məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və
digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman
yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq
sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü
oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən
kompozisiyalar yaradılıb.
Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən
yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.


