
Bakı.Trend:
ADSEA Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya
kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının
tikintisinə başlayıb. Layihə çərçivəsində Müşviqabad hövzəsində
gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici
qurğunun tikintisi həyata keçirilir.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) məlumat verilib.
Bildirilib ki, layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və
yardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaq
tirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ
olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə
qazıntı artıq başa çatdırılıb.
Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası
tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.
Blover binasının bünövrəsi tökülüb, sütun və divarların
tikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdə tullantı
qazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosfor
hovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi başa
çatıb.
Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamanda
sağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırma
qurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçi
binalarının betonlama prosesi yekunlaşıb. Tullantı sutəmizləyici
qurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrik
yarımstansiyası binasının inşasına başlanılıb.
Sutəmizləyici qurğuda təmizlənən tullantı suları ultrabənövşəyi
şüalardan keçərək sənaye məqsədləri üçün istifadəyə yararlı
vəziyyətə gətirilərək müvafiq qaydada yönləndiriləcək.
Ümumi uzunluğu 18.9 kilometr olan Müşviqabad hövzəsi üzrə
gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi
mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya
kollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın 6-da işlərə
başlanılıb.
Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı
Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə
edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan
qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət edəcək.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə
qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə
seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait
yaradır.
2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə
tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq,
inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına
ciddi əməl olunur.
Mətbuat katibi həmçinin onu da diqqətə çatdırıb ki, layihələr
yeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrin
təkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətinin
artırılmasına yönəlib. Bununla yanaşı, tullantı sularının fasiləsiz
daşınması təmin ediləcək, subasma riskləri azalacaq və sistemlərin
istismar səviyyəsi daha da yüksələcək.
Görülən işlər tullantı sularının daha müasir və təhlükəsiz
şəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin
kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfə
verəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeron
yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı,
səmərəli fəaliyyətinin təminatına xidmət edir.


