Mənzil məsələsinin həlli üçün kompleks yanaşma tələb olunur – Ana Birçall

Baş səhifə

Bakı. Trend:

Mənzil məsələsinin həlli üçün hökumətin bütün səviyyələrində
kompleks yanaşma tələb olunur.

Trend xəbər verir
ki, bunu bu gün Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall
“Keçid dövründə olan dünyadakı fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı
bildirib.

“Mənzil siyasəti yalnız evlərin inşası ilə məhdudlaşmır. Bu,
məşğulluq, sosial siyasət, iqtisadiyyat və demoqrafiya ilə sıx
bağlıdır”,- deyə Birçall vurğulayıb.

O, hökumətdə çalışdığı dövrdə həyata keçirilmiş gənc ailələrə
dəstək proqramları üzrə təcrübəsini xatırladıb.




“Əgər insanın işi yoxdursa o, mənzil ala bilməz. Amma işə qəbul
olmaq üçün təcrübə lazımdır. Bəs universiteti yeni bitirmiş gənc
necə təcrübə əldə etsin? Məhz buna görə biz könüllü fəaliyyət və
təcrübə proqramlarını tətbiq edirdik ki, bu proqramlar peşəkar
təcrübə kimi hesab olunurdu. Təcrübə qazandıqdan sonra insan işə
düzələ bilirdi və işə düzəldikdən sonra mənzil almaq imkanına sahib
olurdu”, – o bildirib.

Onun sözlərinə görə, yalnız bundan sonra gənclərin ailə qurma və
uşaq sahibi olma planları üçün imkan yaranır.

“Buna görə də mənzil siyasəti daha geniş sosial və iqtisadi
strategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir”, – deyə
Birçall vurğulayıb.