Qarabağın bərpası Azərbaycanın mənzil siyasətinin əsas istiqamətidir – Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın mənzil siyasətinin əhəmiyyətli hissəsi Qarabağın
işğaldan azad edilmiş ərazilərinin bərpası və əhalinin həmin
ərazilərə köçürülməsi ilə bağlıdır.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bu gün
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda
çıxışı zamanı bildirib.

“Bu təcrübə bu gün bir çox ölkələrin üzləşdiyi daha geniş qlobal
çağırışı əks etdirir, münaqişədən sonrakı bərpa və yenidənqurma
proseslərində layiqli mənzil hüququnun əsas prioritet olaraq
qalmasını necə təmin etmək məsələsi”, – deyə o qeyd edib.

Quliyevin sözlərinə görə, həmin ərazilərdə dayanıqlı, “ağıllı”
və inklüziv şəhərlərin yaradılmasına yönəlmiş kompleks bərpa və
mənzil tikintisi proqramları həyata keçirilir.

“Keçmiş məcburi köçkünlər üçün mənzillər dövlət tərəfindən
pulsuz təqdim olunur ki, bu da sosial sabitliyin təmin edilməsində
və əhalinin təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasında
dövlətin liderliyinin əsas rolunu nümayiş etdirir”,- deyə o
vurğulayıb.

“Hazırda artıq təxminən 70 min nəfər bu ərazilərdə yaşayır,
təhsil alır və çalışır”, – deyə Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu mənzil
sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm
platforma olacaq.