
Bakı. Trend:
Dünya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında
əhəmiyyətli dərəcədə geri qalır və bir çox insanlar hələ də normal
həyat üçün tələb olunan şəraitə malik deyil.
Trend xəbər verir
ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudiya Rossbax bu gün “Keçid dövründə olan dünyada
fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII
Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tikinti və torpaq qiymətlərinin artmaqda
davam etməsi səbəbindən hökumətlərin mənzil problemini həll etmək
imkanları məhdud olaraq qalır.
“Mənzil bahadır. Dünyanın hər yerində dövlətlər üçün mənzil
proqramlarını maliyyələşdirmək çətindir, ələlxüsus da söhbət
subsidiyalardan gedirsə. Torpaq isə xüsusilə inkişaf etmiş
infrastruktura malik ərazilərdə bahadır”, – deyə Rossbax qeyd
edib.
O vurğulayıb ki, şəhərlərin kənar ərazilərində həyata keçirilmiş
bir çox yaşayış tikintisi layihələri səmərəsiz olub.
“Biz bir çox hallara şahid olmuşuq ki, mənzillər periferiyada
inşa olunub, lakin belə layihələr işləmir – insanlar yenidən
şəhərlərə qayıdırlar, çünki məhz orada iş yerləri, xidmətlər və
imkanlar mövcuddur”, – o bildirib.
Rossbaxın sözlərinə görə, mövcud mənzil böhranını həll
yanaşmaları məhduddur və ciddi dəyişikliklər tələb edir.
“Bir çox həll yolları parçalanmış xarakter daşıyır və real
şəraitə uyğun gəlmir. Dərin transformasiyalar tələb olunur, – deyə
o vurğulayıb.
O qeyd edib ki, mənzil məsələsi dövlətlər üçün siyasi prioritet
olmalıdır.
“Həqiqi vəziyyəti qəbul etməli, torpaq siyasətinin və şəhərsalma
planlaşdırmasının formalaşdırılmasında bunu nəzərə almalı və
investisiyaların həcmini artırmalıyıq”, – Rossbax bildirib.
Onun sözlərinə görə, irəliləyiş əldə etmək üçün maliyyə
imkanlarını genişləndirmək və daha çevik yanaşmalar tətbiq etmək
vacibdir.


