Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz
geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün
rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil
edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat
xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı paytaxtın Nizami və Yasamal
rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti,
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan
məhəllələrdə qeyd edilib.




Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri,
qazilər Novruz Bayramını yüksək sevinc hissi ilə qeyd ediblər.
Həyət boyunca xonçalarda novruz şirniyyatları, meyvələr düzülüb,
xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablara
qonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən
ibarət sərgi təşkil edilib.

Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimli
uşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar öz
məharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsas
personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları
şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs
ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edilib ki, son illərdə paytaxtda 400-ə yaxın
abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə
verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib,
səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram
abu-havası yaradılıb.