
Bakı.Trend:
2024-cü ilin noyabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) çərçivəsində İslam İnkişaf Bankı Qrupu ilə “Qız Qalası su
anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə
sazişlər imzalanıb.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə
olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında
hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu layihə Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində beynəlxalq maliyyə institutu tərəfindən dövlət
zəmanəti ilə maliyyələşdirilən ilk layihə olub. Layihə çərçivəsində
Cəbrayıl və Füzuli rayonlarında 252,0 min hektar ərazinin su
təminatının yaxşılaşdırılması və 12620 hektar yeni suvarılan
torpaqların istifadəyə verilməsi məqsədilə “Qız Qalası su
anbarından magistral suvarma kanalının tikintisi” layihəsinin
maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 2024-cü il 14
noyabr tarixində 96,48 mln. ABŞ dolları məbləğində kredit sazişi
imzalanıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilməsi nəzərdə tutulan daha bir infrastruktur layihəsi Qarabağ
zonasının və ona bitişik ərazilərdə yerləşən 9 rayonun (Mingəçevir,
Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və
İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin
suvarılması, yaşayış məntəqələrinin içməli və məişət suları ilə
təmin edilməsi məqsədini daşıyan 436,39 mln. ABŞ dolları məbləğində “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsinin İslam
İnkişaf Bankı Qrupu tərəfindən maliyyələşdirilməsi üzrə danışıqlar
aparılır. Bu layihəyə dair sazişlərin İslam İnkişaf Bankı Qrupunun
2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantıları
çərçivəsində imzalanması hədəflənir.


