
Bakı. Trend:
Orta Dəhlizin inkişafı ərazi planlaşdırılmasına kompleks və
balanslaşdırılmış yanaşma tələb edir.
Trend xəbər verir
ki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi
Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru İrfan Əli Ümumdünya
Şəhər Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinqdə
deyib.
“Belə dəhlizlər yeni imkanlar yaratmaqla yanaşı şəhərlərin
inkişafının kənd ərazilərinin hesabına baş verməməsi, əksinə
onların qarşılıqlı əlaqəsinin təmin olunması üçün balanslaşdırılmış
məkan planlaşdırılmasını tələb edir”, – deyə o qeyd edib.
Əlinin sözlərinə görə, region ölkələrində yeni şəhərlərin
tikintisi üzrə iri layihələr həyata keçirilir.
“Nümunələr arasında Qırğızıstanda Asman, Qazaxıstanda Alatau,
Yeni Daşkənd, eləcə də Türkmənistanda Axal şəhərlərini göstərmək
olar. Bu şəhərlərin inkişafı inklüzivlik, dayanıqlı inkişaf və
müasir şəhərsalma planlaşdırması prinsiplərinin tətbiqini tələb
edir”, – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Mərkəzi Asiyada yerli səviyyədə iqlim
riskləri, o cümlədən ekstremal istilər və istilik dalğaları kimi
amillər qiymətləndirilməməlidir; bu hallar region şəhərləri üçün
getdikcə daha ciddi çağırışa çevrilir.
Bundan əlavə, Əli xatırladıb ki, bu yaxınlarda “UN-Habitat”
İstanbulda Şərqi Avropa və Mərkəzi Asiya üzrə yeni regional ofisini
açıb.
“Bu, vaxtında verilmiş qərardır, çünki region iqtisadi
transformasiya, şəhər inkişafı və humanitar bərpa proseslərinin
kəsişməsində yerləşir. Bu, şəhər transformasiyası proseslərini
nümayiş etdirmək və region ölkələrinə necə dəstək verməyi
planlaşdırdığımızı göstərmək üçün mühüm imkandır”, – deyə o
bildirib.


