Dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir – Anaklaudia Rossbax

Baş səhifə

Bakı.Trend:

Dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir və məhz
şəhərlər bu çağırışların mərkəzində dayanır.

Trend xəbər verir
ki, bu barədə bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq zamanı
deyib.

“Bu gün dünyada təxminən 300 milyon insan evsizdir, 1 milyarddan
çox insan isə təmiz suya, əsas infrastruktura, səhiyyə və təhsil
xidmətlərinə çıxışı olmayan qeyri-rəsmi məskənlərdə və ya
gecəqondularda yaşayır. Onların bir çoxu yüksək riskli ərazilərdə
yaşayır və iqlim dəyişikliklərinin nəticələri ilə ilk üzləşənlər də
məhz onlardır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, dünya əhalisinin demək olar ki, yarısı –
təxminən 3 milyard insan – yararsız mənzil şəraitində yaşayır.




Proqnozlara əsasən, yaxın onilliklərdə daha 2 milyarda yaxın
insan şəhərlərə köçəcək. Nəticədə, dünyada urbanizasiya səviyyəsi
70 faizə çatacaq ki, bu da xüsusilə Afrika və Cənub-Şərqi Asiya
ölkələrində infrastruktura əlavə yük yaradacaq.

O vurğulayıb ki, təhlükəsiz və əlçatan mənzillə təminat BMT-nin
2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının əsas
şərtlərindən biridir.

“Bu gün əsas vəzifə artmaqda olan şəhər əhalisini təhlükəsiz və
layiqli mənzillə təmin etməkdir”, – deyə Rossbax əlavə edib.