Bakı. Trend:
ABŞ hakimiyyəti Amerika şirkətlərinin Venesuelaya tədarük
etməsinə icazə verilən mal və texnologiyaların siyahısını
genişləndirib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş
yenilənmiş ümumi lisenziyada bildirilir.
Sənədə əsasən, Amerika şirkətlərinə ABŞ-dan Venesuelaya geoloji
kəşfiyyat, işlənmə, neft və qaz hasilatı, neft-kimya istehsalı,
eləcə də elektrik enerjisinin ötürülməsi, saxlanması və paylanması
üçün mallar, texnologiya, proqram təminatı və ya xidmətlər tədarük
etməyə icazə verilir. Fevral ayında dərc edilmiş əvvəlki lisenziya
isə bu cür tədarüklərə yalnız ölkədə neft və qaz istehsalı üçün
icazə verirdi.
İcazə həmçinin Venesuelanın dövlətə məxsus PDVSA neft şirkəti
ilə əlaqəli əməliyyatlara da şamil olunur.
Yenilənmiş lisenziya, əvvəlki versiyası kimi, Rusiya, İran,
Şimali Koreya, Kuba və Çində yerləşən və ya həmin ölkələrin
qanunlarına tabe olan şəxslərə aid edilmir.

