
Bakı. Trend:
İsrail ordusu İrandan daha bir hücum aşkar edərək raketləri ələ
keçirməyə başlayıb.
Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir: “İsrail Müdafiə Qüvvələri (İDF) İrandan
İsrail ərazisinə atılan raketləri aşkar edib. Müdafiə sistemləri
onları ələ keçirmək üçün fəaliyyət göstərir”.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”
əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi
bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı
obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə
zərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi
general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.


