
Bakı. Trend:
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı
davam edir.
Trend xəbər verir
ki, yarışın 5-cü günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və
130 kq-da yer alan pəhləvanlarımız mübarizəyə start verib.
Fərid Sadıxlı (55 kq) çexiyalı Filip Bartoşikə tam üstünlüklə
(9:0), rumıniyalı Denis Florin Mihaya 5:2 hesabıyla qalib gələrək
yarımfinala yüksəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı
Koba Karumidzeni isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3.
Fərid sabah finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.
İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkünü (6:4) mübarizədən
kənarlaşdırsa da, 1/4 finalda moldovalı Vitali Yeryomenkoya (1:5)
məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici
görüşə çıxacaq. Rəqib fransalı Lukas Qrasso olacaq.
Rəvan Nuriyev (77 kq) ilk mərhələdə belaruslu Kiril Valevskiyə
(1:4), Səid Axundzadə (87 kq) 1/8 finalda rumıniyalı Patrik Qordana
(5:9), Ayxan Mərdanov (130 kq) isə təsnifat mərhələsində
yunanıstanlı Axiles Xrisidisə (0:3) uduzub.


