ÜST-nin Baş direktoru Səhiyyə Nazirliyinin sanatoriyasında olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru Tedros Adhanom Ghebreyesus Səhiyyə Naziri Teymur
Musayevlə birgə nazirliyin professor Gindes adına Respublika Uşaq
və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri
Sanatoriyasını ziyarət ediblər.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, səhiyyə naziri Teymur Musayev müəssisənin
fəaliyyəti, uşaqlar və yeniyetmələr arasında vərəm və digər
tənəffüs orqanları xəstəliklərinin profilaktikası, erkən
diaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində həyata
keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamlarına əsasən Bakıda professor Gindes adına Respublika Uşaq
və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri
Sanatoriyasının yeni binası inşa olunub. Bildirilib ki,
sanatoriyada pasiyentlərin kompleks müalicəsi üçün zəruri tibbi və
sosial reabilitasiya xidmətləri təşkil olunub, müasir tibbi
yanaşmalar və profilaktik proqramlar tətbiq edilir.

Sonra müəssisənin müalicə və diaqnostika bölmələri, laboratoriya
və reabilitasiya sahələri ilə tanışlıq olub. Bildirilib ki,
sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur,
pasiyentlərin sağlamlığının bərpası və sosial adaptasiyası üçün
kompleks tədbirlər həyata keçirilir.




ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus sanatoriyada
yaradılmış şəraiti və uşaqların müalicəsi və reabilitasiyası
istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, qlobal
səviyyədə vərəmlə mübarizənin mühüm prioritetlərdən biri olduğunu
qeyd edərək, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan
arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qonaqlar müəssisədə müalicə alan uşaqlarla görüşüb, onların
müalicə və reabilitasiya şəraiti ilə yaxından tanış olublar.

Sonda ÜST-nin Baş direktoru sanatoriyanın kollektivi ilə səmimi
görüş keçirib, onların fəaliyyəti ilə yaxından tanış olub və
görülən işləri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.