Azərbaycan cənub və şimal, şərq və qərb arasında əlaqələrin gücləndirilməsi baxımında coğrafi mövqeyinə görə mühüm rol oynayır.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində Orta Dəhlizlə bağlı keçirilən panel müzakirəsində deyib.
“Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti əsasında ölkəmiz regional dəhlizləri inkişaf etdirir. Dəhlizlər təkcə yük daşımaları deyil, həm də enerji və rəqəmsal əlaqərə baxımından mühümdür. Biz Cənub Qaz Dəhlizi, TAP, TANAP-la 16 ölkəyə təbii qaz ixrac edirik. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yeni elektrik enerjisi layihəsi üzərində birgə işləyəcək”,- o bildirib.
Prezidentin köməkçisi Azərbaycanın həyata keçirdiyi digər əməkdaşlıq layihələri barəsində danışıb və Orta Dəhlizin şaxələndirilməsinə verilən töhfəyə diqqət çəkib.

