
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının mövcud arxitekturası XXI əsrin
reallıqlarına tam uyğun deyil.
Trend xəbər
verir ki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri
Miroslav Layçak XIII Qlobal Bakı Forumunda “Keçid dövründə
dünyadakı fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda
çıxışında bildirib.
Onun sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr və
bütöv regionlar hələ də qlobal idarəetmə sistemində kifayət qədər
təmsil olunmur, Təhlükəsizlik Şurasında veto hüququ bəzən qanunsuz
tətbiq edilir və ya siyasi məqsədlərlə istifadə olunur.
“İslahatlar hər hansı bir dövlətin razılığına bağlıdır.
Dəyişikliklər yalnız üzv dövlətlərin razılığı ilə mümkündür.
Birləşmiş Millətlər Təşkilatı 193 ölkəni birləşdirir və məhz onlar
mövcud sistemi islah etməyə səlahiyyətlidir”, – deyə o qeyd
edib.
Layçak vurğulayıb ki, bu gün məsələnin mahiyyəti BMT-nin XXI
əsrdə dünyaya lazım olub-olmamasında deyil, təşkilatın müasir və
gələcək çağırışlara necə uyğunlaşdırılmasında durur.
Onun sözlərinə görə, ilk növbədə, gündəm yenidən nəzərdən
keçirilməlidir.
“Biz bilirik ki, BMT ənənəvi olaraq təhlükəsizlik, inkişaf və
insan hüquqları məsələləri ilə məşğul olur. Lakin bu gün
təhlükəsizlik yalnız hərbi təhdidlərlə məhdudlaşmır. O, inkişaf,
iqlim, səhiyyə və iqtisadi sabitliyi də əhatə edir. Effektiv qlobal
idarəetmə üçün təşkilat yeni vəzifələri yerinə yetirməyə hazır
olmalıdır — məsələn, süni intellekt, rəqəmsal idarəetmə,
kibertəhlükəsizlik, qlobal bərabərsizlik, iqlim dəyişikliyi,
miqrasiya, kütləvi köçlər və pandemiyalara hazırlıq”, — deyə o qeyd
edib.
Layçak həmçinin bildirib ki, ikinci əsas istiqamət BMT-nin iş
mexanizmlərinin islahatıdır, xüsusilə də təmsilçilik sahəsində.
Onun sözlərinə görə, Qlobal Cənub ölkələri, xüsusən də
Təhlükəsizlik Şurasında daha güclü səsə malik olmalıdırlar.
“Bir o qədər vacib məsələ də BMT-yə zəruri resurslar və effektiv
koordinasiya mexanizmləri təmin etməkdir. BMT-dən tez-tez əlavə
nəticələr gözlənilir, lakin dövlət üzvlərindən müvafiq maliyyə və
siyasi dəstək yoxdur. Bu vəziyyət dəyişməlidir”, — deyə Layçak
vurğulayıb.


