İran hər halda qarşı tərəfdən kompensasiya alacaq – Ali Lider

Baş səhifə

Bakı. Trend:

İran hər halda qarşı tərəfdən kompensasiya alacaq.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran
vətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, qarşı tərəf imtina edərsə, müəyyən edilən
ölçüdə qarşı tərəfin əmlakından götürüləcək.

Xamenei bildirib ki, əgər bu mümkün olmazsa, həmin ölçüdə qarşı
tərəfin əmlakı məhv ediləcək.

Ali Lider əlavə edib ki, hər bir cinayət, xüsusilə də Minab
məktəbi və baş verən oxşar hallarla əlaqədar araşdırma
aparılacaq.

“İranı müdafiə edən Silahlı Qüvvələrə səmimi şəkildə təşəkkür
edirəm. Silahlı qüvvələr ABŞ və İsrailin yolunu bağlayıb və onların
İranı bölmək və yaxud ələ keçirməsinə imkan verməyib”, – deyə o
qeyd edib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.