İran itkilərinin qisasını almaqdan imtina etməyəcək – Xamenei

Baş səhifə

Bakı. Trend:

Hamını arxayın edirəm ki, İran öz itkilərinin qisasını almaqdan
imtina etməyəcək.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran
vətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, bu qisas sadəcə İranın Ali Lideri deyil,
öldürülən bütün İran vətəndaşları üçün olacaq.

İranın Ali Lideri qeyd edib ki, qısa müddət ərzində bu qisasın
bir hissəsi reallaşıb. Qisas tam şəkildə reallaşmasa cinayət işləri
yığılacaq və uşaqlar, körpələrlə bağlı olanlara xüsusi diqqət
yetiriləcək.

Xamenei İran Ali Lideri, həyat yoldaşı, bacısı və digər ailə
üzvlərinin ölümü ilə əlaqədar başsağlığı verib.

“Mümkün olduğu qədər zərərçəkənlərə yardımlar ediləcək. Məsul
şəxslər bu istiqamətdə addımlar atmalı və mənə məlumat
verməlidirlər”, – deyə o qeyd edib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.