
Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri
beynəlxalq təşkilatlarla, həmçinin onlara üzv olan dövlətlərlə
əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf
etdirilməsidir. Bu gün Azərbaycan-Avropa ittifaqı (Aİ)
münasibətlərinin fonunda bu reallığın şahidiyik. Aİ ilə qarşılıqlı
hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın
11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın
ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı.
Azərbaycan 1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və
əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq
Siyasəti və nəhayət, 2009-cu ildən “Şərq Tərəfdaşlığı” Proqramı
çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi
ilə Azərbaycan strateji tərəfdaşlığı haqqında bəyannamələr
imzalanıb. Bu, o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən
çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Azərbaycan Aİ ilə
müxtəlif sahələr üzrə geniş əməkdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirən
dövlət kimi nüfuz qazanıb. Bu gün Azərbaycan Avropa üçün yeganə
yeni enerji mənbəyidir. Bu münasibətlər dövlətlərarası əlaqələrin
inkişafına möhkəm zəmin yaradır. “Əsrin müqaviləsi”ndən sonra davam
etdirilən layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində
əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı
nüfuzunun və əhəmiyyətinin artmasına imkanlar yaradır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və
geniş tərkibdə görüşlərində Azərbaycanla Aİ arasında əlaqələrin
müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə
təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla
aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. 10 Avropa ölkəsinə
qazın ixrac edilməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.
Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr
aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı,
Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi
vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin
bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına
diqqət yönəldildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı
arasında rəqəmsal transformasiya, süni intellekt, data
mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin və
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata
bəyanatları münasibətlərin dünəninə və bugününə baxış əsasında
qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev səfərin hazırkı dövrdə çox uğurla inkişaf
edən ikitərəfli əlaqələrimizin daha da yüksəlməsində mühüm rol
oynayacağına əminliyini ifadə etdi. İqtisadi göstəricilərə diqqəti
yönəldən Prezident İlham Əliyev əlavə etdi ki, bu ilin yanvarında
ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub.
Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda
Azərbaycan Avropada fəal şəkildə sərmayə yatırır. Tərəfdaşlığımızın
mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı
olaraq olacaq.
Millət vəkili 2022-ci ilin iyulunda imzalanan Azərbaycan ilə
Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumuna diqqəti yönəldərək bildirib ki, həmin
vaxtdan etibarən ölkəmiz həm həcm, həm də ölkələrin sayı baxımından
Avropa ölkələrinə qaz ixracını artırıb. Bu gün Avropa İttifaqının
10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya
çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə qazı
təchiz edən bir nömrəli ölkədir. Bu rəqəm Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin miqyası
barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev mətbuata
bəyanatında vurğuladı ki, Azərbaycan üçün Avropa bazarı artım
potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir.
Ölkəmiz bu il qaz hasilatını artırmağı planlaşdırır. Biz qazı yeni
yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki
və ya üç il ərzində, – əgər hər şey cədvələ uyğun gedərsə, bugünkü
həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız
olacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, hazırkı dövrün əsas
çağırışlarından biri yaşıl enerjiyə keçiddir. Azərbaycanın malik
olduğu bərpaolunan enerji potensialı dünya dövlətləri ilə
əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Avropa
İttifaqı arasında enerji sahəsində əməkdaşlığın digər istiqaməti
bərpaolunan enerji ilə bağlıdır. Ölkəmiz külək, Günəş və su
elektrik enerjisinə böyük sərmayələr yatırır. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, planımız beş və ya altı il ərzində
ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik
olmaqdır. Hazırda Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz
dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri
üzərində çalışırıq.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu gün və gələcək
üçün bir növ yol xəritəsidir. Digər mühüm məsələ isə Azərbaycanın
coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə
alaraq, potensialımız arasında şəbəkənin qurulmasıdır. Prezident
İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət yönəltdi
ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra
daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin
genişlənməsi üçün yeni imkanların açılması nikbinliyimizi artırır.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “Daşımalar bizim
əməkdaşlığımızın başqa bir mühüm sahəsidir” söyləyərək vurğuladı
ki, Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün
strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin
tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə
Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə iş yerləri
yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə
gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit,
qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini
bölüşür.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
elə bir görüşü, çıxışı yoxdur ki, diqqəti ötən ilin avqustunda
ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşmasına,
onun uğurlu nəticələrinə yönəltməsin. Bu baxımdan Prezident İlham
Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə
birgə mətbuata bəyanatı da diqqətdə oldu. Cəmi yeddi aydır sülh
şəraitində yaşadığımızı bildirən Prezident İlham Əliyev bu əminliyi
ifadə etdi ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin
ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının
təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi
vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün
məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi
iradəmizi göstərir. Çünki biz sülhə təkcə iki ölkənin parafladığı
sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Sülhdən
yaxşı heç nə ola bilməz. Avropa İttifaqı Şurasının Prezidenti
Antonio Koşta bəyanatında bildirdi ki, bugünkü görüş bizim xüsusilə
təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində
əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin
bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla,
mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə
hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx
əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə
birgə baxışımıza dair güclü siqnal verir.
Vüqar Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin
əlaqələrin inkişafında, yeni əməkdaşlıq formatlarının
yaradılmasında əhəmiyyətli rolundan da bəhs edib. Bildirib ki,
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi
toplantıları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident
İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta
arasında keçirilən görüşlərdə, onların mətbuata bəyanatlarında bu
toplantıların əhəmiyyətinə xüsusi diqqət yönəldildi. Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinə töhfələri hər zaman yüksək
dəyərləndirilir. Antonio Koşta mətbuata bəyanatında Azərbaycanın
2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi
edəcəyini də xüsusi vurğulayaraq bidirdi ki, bu tədbiri
səbirsizliklə gözləyirik. Qurumun məqsədinin Avropada
təhlükəsizliyi, sabitliyi və əməkdaşlığı gücləndirmək olduğunu
nəzərə alsaq Azərbaycanın Zirvə Görüşünə ev sahibliyinin uğurlu
nəticələri barədə öncədən aydın mənzərəni təqdim edə bilərik.
Antonio Koşta bir daha bildirdi ki, Avropa İttifaqı bugünün
çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla
işləməyə sadiqdir, tərəfdaşlığımız güclüdür. Bu tərəfdaşlığı
xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə
bilərik.


