
Avrasiya İnkişaf Bankı (EDB) Yaxın Şərqdəki vəziyyət fonunda Fars körfəzi ölkələrindən Avrasiya regionuna investisiya axınlarının müəyyən qədər azalması ehtimalını istisna etmir.
“Report” xəbər verir ki, bu barədə EDB-in İnteqrasiya Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev “Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar” adlı hesabatın təqdimatında bildirib.
O vurğulayıb ki, hazırkı mərhələdə İranda baş verənlər Avrasiya regionundakı investisiya fəallığına hər hansı təsir göstərməyib.
“Hazırda cərəyan edən proseslər, yəqin ki, təsir göstərəcək, lakin yalnız gələcəkdə. Hazırda icra mərhələsində olan layihələr həyata keçirilməkdə davam edir və müvafiq olaraq, bu, cari investisiya dinamikasında heç cür əks olunmayıb”, – A.Zaboyev qeyd edib.
Mərkəz rəhbəri diqqətə çatdırıb ki, vəziyyət böyük ölçüdə həm qlobal, həm də regional miqyasda hadisələrin sonrakı inkişafı, eləcə də infrastrukturun bərpası üçün tələb olunacaq resursların həcmi ilə müəyyən edilir. “Bu, ortamüddətli perspektivdə körfəz dövlətlərindən regionumuza birbaşa xarici investisiyaların axınını müəyyən dərəcədə azalda bilər. Söhbət müəyyən azalmadan gedə bilər. Bununla belə, hazırda biz bu suala birmənalı cavab verə bilmirik, çünki hadisələr inkişaf etməkdə davam edir. Hər şey başa çatdıqda, o zaman müvafiq qiymətləndirmələr aparmaq imkanı yaranacaq”, – o əlavə edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


