Azad olunmuş ərazilərdə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Baş səhifə

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC
tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil
olunacaq.

Trend xəbər verir ki, bu
barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli
fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda
şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına
əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145
çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata
keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək
məqsədilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”
metrostansiyasının yanı) ünvanında olan yarmarkada hər gün
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida
Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa
çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək
üçün laboratoriyanın xidmətlərindən faydalana bilər.




Novruz yarmarkaları 09:00-dan 19:00-dək Bakı şəhəri, Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının
yanı) ünvanı ilə yanaşı, regionlar da daxil olmaqla ümumilikdə 11
əlavə məntəqədə təşkil ediləcək.

Belə ki, 13–17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində
– Əhmədli, Neftçilər, Nəriman Nərimanov, Azadlıq prospekti və
Elmlər Akademiyası metrostansiyalarının çıxış hissələrində, eyni
zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının
qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri
Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad
qəsəbəsində “Qarant” yaşayış kompleksi ərazisində Novruz bayramı
yarmarkaları fəaliyyət göstərəcək.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu
kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində
səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, keçiriləcək “Kənddən şəhərə” Novruz
yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi
avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqdır.