Avropa İttifaqı Gürcüstanla münasibətləri əsassız olaraq pozub, buna görə də top Brüsselin tərəfindədir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spikerin sözlərinə görə, Brüssel Gürcüstanla münasibətlərin bərpası üçün nə etməli olduğunu çox yaxşı bilir.
Papuaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Avropa Parlamentində çıxışı zamanı Gürcüstanla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, Paşinyan Ermənistanın maraqları baxımından danışıb.
“Nikol Paşinyanın mesajı Ermənistan-Aİ münasibətləri ilə bağlıdır. Bizim Aİ ilə öz münasibətlərimiz var”, – spiker əlavə edib.
Qeyd edək ki, Paşinyan çıxışında deyib ki, Ermənistanın Aİ-yə inteqrasiyasına ən böyük maneələrdən biri qurumla Gürcüstan arasında siyasi dialoqun dondurulmasıdır. O, Aİ və Gürcüstan arasında konstruktiv prosesin inkişaf etdirilməsini xahiş edib.

