
Bakı. Trend:
İsveçin paytaxtı Stokholmun Sollentuna kitabxanasının Aniora
zalında Azərbaycan Xalq yazıçısı Əzizə Cəfərzadənin ”Bakı 1501”
tarixi romanının təqdimatı keçirilib. İngilis dilində nəşr olunan
roman İsveçdə fəaliyyət göstərən ”Lava” nəşriyyatında işıq üzü
görüb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, İsveçdə fəaliyyət göstərən ”Qobustan – Azərbaycan
Aydınlar Ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirə İsveçin
müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər qatılıb. Tədbirin
aparıcısı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının
Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi bu cür
tədbirlərin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq
səviyyədə tanıdılmasına, eyni zamanda ölkələr arasında mədəni
əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. “Bakı 1501”
əsərinin yenidən aktuallaşdırılması milli ruhu və azadlıq
ideyalarını əks etdirən mühüm ədəbi hadisə adlandırıb.
Romanın tərcüməçisi, Göteborg Universitetinin dosenti, elmlər
doktoru Səadət Kərimi isə Əzizə Cəfərzadənin həyat və yaradıcılığı,
eləcə də “Bakı 1501” romanının mövzusu, bədii xüsusiyyətləri və
tarixi əhəmiyyəti barədə geniş məlumat verdi. O vurğulayıb ki, türk
coğrafiyası üçün həssas bir tarixi dövrdən bəhs edən bu əsər təkcə
tarixi roman deyil, həm də milli kimlik və azadlıq ruhunun bədii
ifadəsidir.
Stokholmda yaşayan azərbaycanlı yazıçı Eluca Atalı romanın
mövzu, janr və dil xüsusiyyətləri barədə danışaraq, onun Azərbaycan
ədəbiyyatındakı xüsusi yerindən bəhs edib.
Azərbaycanlı tələbə Xəyal Seyidov isə gənc oxucu kimi əsər
haqqında fikirlərini bölüşüb. Romanı Azərbaycan xalqının milli
kimliyini və azadlıq ruhunu əks etdirən mühüm ədəbi nümunə
adlandırıb.
Tədbir bədii hissə ilə davam edib. İsveçdə yaşayan azərbaycanlı
teatr sənətçisi və rejissor Əlif Cahangir və tanınmış türk opera
ifaçısı Burcu Kuru romandan seçilmiş parçaları Azərbaycan və
ingilis dillərində bədii qiraət ediblər. Pianoçu Aynur Məlikovanın
ifasında səsləndirilən Azərbaycan klassik musiqiləri tədbirə xüsusi
rəng qatıb.


