
Vaşinqton. Trend:
“GL Group” şirkəti Azərbaycanda və onun hüdudlarından kənarda
neft və qaz sektorundakı fəaliyyətini genişləndirməkdə
maraqlıdır.
Bunu Trend-ə “GL
Group” şirkətinin Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar
üzrə baş vitse-prezidenti Qilbert Boyler Vaşinqtonda ABŞ-Azərbaycan
Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət
və Biznes Konfransının kənarında bildirib.
Onun sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi bütün
ölkələrdə, o cümlədən Azərbaycanda genişlənmək niyyətindədir.
“Biz fəaliyyət göstərdiyimiz hər yerdə, o cümlədən Azərbaycan da
daxil olmaqla, genişlənməkdə həmişə maraqlıyıq. Biz Azərbaycanın
neft-qaz sektorunun gələcəyinə çox nikbin yanaşırıq və əminik ki,
onun uğurlu bir hissəsi olacağıq”, – deyə Q.Boyler bildirib.
O, şirkətin regiondakı strategiyasını izah edərək qeyd edib ki,
əsas məqsədlərdən biri mövcud aktivlərin genişləndirilməsi və
inkişaf etdirilməsidir.
“Birincisi, mövcud aktivlərimizi genişləndirməyə və inkişaf
etdirməyə davam etmək niyyətindəyik. İkincisi, əlavə əldə etmə
imkanları axtarmaqdır. Üçüncüsü isə bunu təkcə Azərbaycanda deyil,
həm də bütün regionda hərtərəfli şəkildə həyata keçirməkdir”, –
deyə o vurğulayıb.
Q.Boyler şirkətin əməliyyatlarında texnologiyanın rolunun mühüm
olduğunu bildirib. Onun sözlərinə görə, yataqların
rəqəmsallaşdırılması əməliyyat və qazma proseslərini
optimallaşdırmağa, eləcə də quyuların səmərəliliyini artırmağa
imkan verir.
Şirkət həmçinin qabaqcıl modelləşdirmə və qazma metodlarından
istifadə edir. Bildirilib ki, idarə olunan yataqlar üzrə 3D geoloji
və 3D rezervuar modelləri qurulub və planlaşdırma prosesində tətbiq
olunur.
Bundan əlavə, qazma texnologiyaları da təkmilləşdirilir. Bu
çərçivədə lay üçün daha az zərərli istiqamətli qazma üsullarından
və neft əsaslı qazma mayelərindən istifadə olunur ki, bu da
quyuların məhsuldarlığının artmasına imkan yaradır.
Q.Boyler şirkətin yanaşmasını “sürünmək, gəzmək, qaçmaq”
prinsipi ilə izah edib. Onun sözlərinə görə, hazırda həyata
keçirilən tədbirlər hasilatın azalmasını azaltmağa, hasilatı
sabitləşdirməyə və gələcək artım üçün zəmin yaratmağa yönəlib.
“Biz Azərbaycanda neft və qaz hasilatının uğurlu artımının bir
hissəsi olmaq istəyirik və hesab edirik ki, bu prosesdə rolumuzu
daha da artıracağıq”, – deyə o əlavə edib.


