
Bakı. Trend:
Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra media
nümayəndələrinə “Vizual təsirin gücləndirilməsi və müasir
auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması”
mövzusunda vörkşop keçilib.
Trend xəbər
verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı
Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb
ki, rəqəmsal dövrdə medianın auditoriya ilə effektiv kommunikasiya
qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün
istifadə xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar
bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət
qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.
Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye
Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə
altı sessiya təşkil olunub. Sessiyalarda “Müasir multimedia məzmun
yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi”, “Real iş
mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual
elementlərin işlənilməsi”, “Hekayəyə giriş: auditoriyanı cəlb edən
giriş strategiyaları, emosiya və etibarlılıq”, “Avadanlıqlardan
istifadə: kadrlama və perspektivin gücü”, “Vizual materiallarda
emosional təsir və etik yanaşma”, eləcə də “Vizual hekayəçilikdə
refleksiya və əsas nəticələr” mövzuları müzakirə olunub.
Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və
multimedia alətlərindən effektiv istifadə media materiallarının
təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın
və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


