İran İsrailə ballistik rakelərlə hücum edir – həyəcan təbilləri çalınır

Baş səhifə

Bakı. Trend:

İran İsrailə ballistik raketlərlə hücum edir.

Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu haqda Israil Müdafiə
Qüvvələri (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində İsrailin
mərkəzi bölgəsinin yaşayış məntəqələrində və Qüdsdə həyəcan
təbilləri çalınıb.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”
əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi
bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı
obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə
zərbələr endirməyə başlayıb.




İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi
general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilk
günlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raket
və 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.

8 martda İranın Ekspertlər Məclisi səs çoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiq
obyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlak
olub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞ
bazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanında
aldığı ağır yaralardan sonra ölüb.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.