
2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.
“APA-Economics” Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyon manat olub.
Ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7 faiz artıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.


