Ceyhun Bayramov Hakan Fidanla telefon danışığında Türkiyəyə qarşı raket hücumunu qınayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan
arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, telefon danışığı zamanı
regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik
ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son
hadisələrin yaratdığı risklər və onların regional sabitliyə
təsirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə
qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə
xalqına dəstəyini ifadə edib.

Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz
nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin
azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün
addımlar barədə fikir mübadiləsi aparılıb.

Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren
dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların
qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq
münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük
əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında
qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə
koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.