
Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi
üzrə keçirdiyi buraxılış imtahanında 9 nəfər mobil telefon
aşkarlandığı üçün imtahandan xaric edilib.
Trend DİM-ə
istinadən xəbər verir ki, qeyd olunan hallar protokollaşdırılıb və
araşdırma aparılır.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab
vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan
yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt
tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması
nəzərdə tutulur.
Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı
yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən
imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat
veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli
tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları
maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza
bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər,
ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını
(pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra
DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.


