İsrail Müdafiə Qüvvələri Tehranda SEPAH Kosmik Qüvvələrinin obyektlərini vurub

Baş səhifə

Bakı. Trend:

Tehrana edilən son hücum dalğası zamanı İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələrinin qərargahı və 50
sursat anbarı hədəf alınıb.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) mətbuat xidməti
məlumat yayıb.

Ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur: “Tehrana
həyata keçirilən zərbə dalğasında SEPAH Kosmik Qüvvələrinin
qərargahı və sursat anbarı vurulub. Qərargah İran Kosmik Agentliyi
üçün qəbuledici, ötürücü və tədqiqat mərkəzi kimi fəaliyyət
göstərib. Obyektdə həmçinin tədqiqat mərkəzləri və 2022-ci ilin
avqustunda buraxılan, SEPAH tərəfindən İsrail Dövlətini və onun
sakinlərini izləmək üçün istifadə edilən peyk üçün komandanlıq və
idarəetmə strukturu yerləşirdi.”

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.




Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.