Bəhreyn HHM sistemləri tərəfindən zərərsizləşdirilən raket və dronların sayını açıqladı

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda Bəhreyn
fevralın sonundan bəri ölkənin hava hücumlarından müdafiə
sistemlərinin zərərsizləşdirdiyi ballistik raketlərin və PUA-ların
sayını açıqlayıb.

Trend “Aljazeera”
telekanalına istinadən xəbər verir ki, bu barədə Bəhreynin Müdafiə
Qüvvələrinin Komandanlığı bəyanat yayıb.

Bəyanata əsasən, İrandan hücumların başladığı andan bəri ölkənin
HHM sistemləri tərəfindən 86 ballistik raket və 148 dron
zərərsizləşdirilib və ya məhv edilib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.




İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə və
regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər
və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş
aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron
buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri
vurdu.

Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind
okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu
hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi
olub.