İranın Azərbaycanda terror planları ifşa olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri
nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən
Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və
kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını
alıb.

Trend xəbər verir ki,
cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna
xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru
Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini
İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb.
Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin
partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin
qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq
göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla
əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə
əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran
vətəndaşları – Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim
qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək
üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.

Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi
yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib.
Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton
qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram
ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib. Dövlət
Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan
Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri
qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi
rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.