
Bakı. Trend:
Yaxın Şərqdə gərginlik fonunda Kolumbiya Azərbaycan və bir sıra
digər ölkələrlə həmrəylik ifadə edib.
Trend xəbər verir ki, bu
barədə Kolumbiya hökumətinin bəyanatında deyilir.
Bəyanatda hökumət region üzrə mülki əhaliyə və infrastruktura
qarşı yönəlmiş hücumları qətiyyətlə pisləyib və hərbi
əməliyyatların dərhal dayandırılmasına çağırıb.
“Kolumbiya bu hücumları pisləyir və Bəhreyn Krallığının, Qətər
Dövlətinin, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanı
Krallığının, İordaniya Krallığının, Küveyt Dövlətinin, Oman
Sultanlığının, Livan Respublikasının, İraq Respublikasının, Kipr
Respublikasının, Azərbaycan Respublikasının və Türkiyə
Respublikasının xalqları ilə həmrəylik ifadə edir”, – bəyanatda
qeyd olunur.
Hökumət bildirib ki, mülki əhaliyə və mülki infrastruktura qarşı
hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və regional
sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Kolumbiya vurğulayıb ki, mövcud gərginliyin aradan qaldırılması
üçün dialoq, diplomatiya, həmçinin beynəlxalq hüquqa və BMT
Nizamnaməsinin prinsiplərinə ciddi riayət olunması zəruridir.
Bəyanatda həmçinin qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü olan Kolumbiya bütün tərəfləri təmkin nümayiş
etdirməyə, daha da eskalasiyanın qarşısını almağa və sülhün və
sabitliyin qorunmasına yönəlmiş diplomatik səylərə qayıtmağa
çağırmağa davam edəcək.


