
Bakı. Trend:
Bakı. Trend:
İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqına
üzvlük üzrə danışıqların bərpası ilə bağlı referendum keçirilməsi
barədə parlamentə təklif təqdim etmək qərarına gəlib.
Trend xəbər verir
ki, bu barədə hökumətin rəsmi saytında məlumat yayılıb.
“İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqına
üzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə referendum
keçirilməsi barədə təklifi Altinqə (İslandiyanın birpalatalı
parlamenti -red) təqdim etmək qərarı qəbul edib”, – məlumatda qeyd
olunub.
Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə maliyyə böhranı zamanı
Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi. 2013-cü ildə ölkə
hökuməti iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən üzvlüklə bağlı
danışıqları dayandırdı. 2015-ci ildə isə İslandiya hakimiyyəti
ölkənin artıq Aİ-yə üzvlük namizədi kimi nəzərdən keçirilməməsini
xahiş etdi. 2013-cü ildə danışıqlar dayandırılana qədər İslandiya
birliyə inteqrasiya prosesinin 33 mərhələsindən 11-ni
tamamlamışdı.


