
Bakı. Trend:
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də
Azərbaycana rəsmi səfər edəcək, eləcə də hökumətin yüksək səviyyəli
nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Trend bu barədə
Avropa İttifaqı Şurasına istinadən xəbər verir.
“Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik
tərəfdaşdır: enerji sahəsində əməkdaşlığımız enerji təchizatımızın
şaxələndirilməsi və enerji təhlükəsizliyimizin gücləndirilməsi
istiqamətində səylərimiz üçün mühüm əhəmiyyət daşıyır. Görüşümüz
həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə
etmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və
xalqı ilə tam həmrəylik nümayiş etdirir”, – məlumatda qeyd
edilib.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər 1999-cu
ildən qüvvədə olan Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə
əsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ən
böyük ticarət tərəfdaşıdır.


