Mərakeş XİN Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib

Baş səhifə

Bakı. Trend:

6 mart 2026-cı il tarixində Mərakeş Krallığının xarici işlər,
Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser
Bourita Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramova zəng edib.

XİN-dən Trend-ə verilən
xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov
həmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan Muxtar
Respublikası istiqamətində İran İslam Respublikası tərəfindən
həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar
ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma
və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda
gərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron
hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu
bildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.