1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıq İranı narahat etməyə başladı. Elə o dövrdən başlayaraq Tehran Bakıya qarşı siyasət yürütməyə başladı. Bu siyasətin təməlində dünyəvi dövlət quruluşu və inkişaf yolu seçən Azərbaycanın İranın molla rejimi üçün təhlükə hesab edilməsi idi.
Molla rejimi və SEPAH generalları elə düşünürdülər ki, İranda yaşayan və sayı 30 milyondan çox olan azərbaycanlı müstəqil Azərbaycanın dünyəvi idarəetmə modelindən təsirlənə bilər. Buna görə də rəsmi Tehran Azərbaycan dövlətinin inkişafını, güclənməsini, dünyada mövqeyini möhkəmlətməsini özü üçün ciddi “başağrısı” saymağa başladı. Bunun qarşısını almaq, bu inkişafa mane olmaq üçün üzdə özünü dost göstərərək, müxtəlif addımlar atmağa başladı. İslam Respublikasının Azərbaycana qarşı fəaliyyəti əsasən terror şəbəkələrinin yaradılması və maliyyələşdirilməsi, dövlət və ictimai xadimlərə sui-qəsdlər, diplomatik və hərbi təxribatlar üzərində qurulub.

Paralel olaraq isə informasiya müharibəsi, diplomatik platformalarda Azərbaycan əleyhinə fəaliyyətlər, sərhəd bölgələrində təxribat addımları da atılıb. Məsələn, İran dövlətinə və SEPAH-a bağlı bir sıra media qurumları və ideoloji platformalarda müntəzəm olaraq Azərbaycana qarşı saxta qarayaxma kampaniyaları, tənqidi materiallar, ittihamlar səsləndirilib. Xüsusən də Azərbaycanın uğurlu xarici siyasəti, Qərb və İsrail ilə münasibətləri hədəf alınaraq sərsəm fikirlər deyilib. Bu müharibə həm də sosial şəbəkələr üzərindən aparılıb, Azərbaycan əleyhinə müxtəlif səhifələr yaradılıb, qarayaxma kampaniyalarına burada da davam etdirilib.
Diplomatik cəbhədə isə Azərbaycanın uğurlarını həzm edə bilməyən molla rejimi Azərbaycanın regional layihələrdə və beynəlxalq tərəfdaşlıqlarda iştirakını tənqid edən bəyanatlar səsləndirib. Bunu guya özünün qırmızı xətti kimi təqdim edib. Məsələn, son olaraq Zəngəzur dəhlizi ilə bağlı məsələdə İslam Respublikası dəfələrlə qırmızı xətt, şirin quyruğu kimi cəfəng açıqlamalar səsləndirib. Amma bütün bu oyunlar və təhdidlər rəsmi Bakını öz mövqeyindən döndərməyib. Dəfələrlə Azərbaycan sərt mövqeyini ortaya qoyub, etiraz notası göndərib.
Əgər ümumiləşdirsək, İranın Azərbaycana qarşı fəaliyyətini bir neçə mərhələyə və sistemə bölə bilərik. Məsələn, 1991-1994-cü illərdə açıq-aşkar Ermənistanı dəstəkləmək, işğal faktına göz yummaq, Ermənistanla əlaqələri daha da dərinləşdirmək. Qarabağ müharibəsində guya neytral mövqe nümayiş etdirsə də, İranın Ermənistan üçün əsas enerji, yanacaq və ərzaq təminatçısı olduğu bir faktdır. Bundan əlavə, sözügedən illərdə əsas qonşuları ilə quru əlaqəsi bağlanan Ermənistan üçün nəfəslik açan və tranzit marşrutuna da məhz İran çevrilmişdi. Məsələn, 1992-ci ildə Araz çayı üzərində İran-Ermənistan körpüsünün açılması və Tehran-İrəvan arasında birbaşa uçuşların başlanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin göstəricilərindən biri idi.

1994-cü ildə Bakı Metropolitenində baş verən partlayışların və o illərdə ölkədə törədilən bir sıra terror aktlarının icraçısı olan “Sadval” qruplaşmasının bir çox üzvünün də İran ərazində təlim və hazırlıq prosesi keçdiyi məlumdur. Bu hadisə Azərbaycanın təhlükəsizlik sisteminə qarşı yönəlmiş təxribatların təkcə daxili deyil, həm də regional siyasi proseslərlə əlaqəli olduğunu göstərən ən ciddi nümunələrdən biri kimi qiymətləndirilir.
Ötən əsrin 90-cı illərinin sonunda İran Azərbaycanın əsasən də sərhəd bölgələrində dini və ideoloji şəbəkələr formalaşdırmağa başladı. Bu şəbəkələr İranın xüsusi xidmət orqanları ilə yanaşı SEPAH-la da əlaqəli idi və təlimatları bu mərkəzlərdən alırdı. Onların əsas məqsədi Azərbaycanın dünyəvi dövlət quruluşuna, milli təhlükəsizliyinə və ictimai sabitliyinə təsir etmək idi. 1998-ci ildə Naxçıvan və Qazax bölgəsində keçirilmiş əməliyyatlar zamanı bir sıra dini radikal qrupların üzvləri saxlanılmış, onların İrandan göndərilən maliyyə və təlim dəstəyi ilə fəaliyyət göstərdikləri müəyyən edilmişdi. 1999-cu ildə isə Bakı şəhərində dini təbliğat adı altında fəaliyyət göstərən bəzi mərkəzlərin İranla əlaqəli casus şəbəkələrə bağlı olduğu ortaya çıxmışdı. Eyni dövrdə məhkəmə və istintaq materiallarında qeyd olunurdu ki, bu qruplar yalnız dini təbliğatla kifayətlənməyib, həm də informasiya müharibəsi apararaq Azərbaycan ictimaiyyətində müəyyən ideoloji təsir yaratmağa çalışırdılar.
İranın maliyyələşdirdiyi qruplaşmalar ölkədə nüfuzlu şəxslərə və ictimai xadimlərə qarşı da sui-qəsdlər həyata keçiriblər. 1997-ci il fevralın 21-də tanınmış tarixçi alim, akademik Ziya Bünyadov Bakıda yaşadığı mənzilin qarşısında qətlə yetirildi. Hüquq-mühafizə orqanları müəyyən etdilər ki, cinayət radikal dini qruplaşmanın üzvləri tərəfindən törədilib. 2011-ci ilin noyabrında İran rejimini tənqid edən yazıları ilə tanınan yazıçı və publisist Rafiq Tağı Bakıda bıçaqlanaraq ağır yaralandı və bir neçə gün sonra xəstəxanada vəfat etdi. 2023-cü ilin martında deputat Fazil Mustafa Bakının Sabunçu rayonunda yerləşən evinin qarşısında silahlı hücuma məruz qaldı. Aparılan əməliyyat-istintaq tədbirləri zamanı saxlanılan şəxslərin iranyönlü radikal şəbəkə ilə əlaqələrinin olduğu bildirildi.

İranın Azərbaycana qarşı açıq-aşkar təxribatı 2001-ci ilin iyul ayında olub. Bu zaman Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən geoloji kəşfiyyat gəmisinə qarşı təxribata əl atıldı. İran hərbi gəmiləri Azərbaycan sektoruna daxil oldu, döyüş təyyarələri və hərbi katerlər göndərildi. Bu da ölkənin həm dəniz sərhədlərinə, həm də hava məkanına ciddi təhlükə yaratdı. İranın bu addımı Azərbaycanın suverenliyinə qarşı yönəlmiş açıq bir təcavüz idi. O dövrdə Ulu Öndər Heydər Əliyev dərhal diplomatik və hərbi addımlar atdı. Onun uzaqgörən siyasəti nəticəsində Türkiyə ilə hərbi koordinasiyanı gücləndirdi, qardaş dövlət Azərbaycana F-16 qırıcılarını göndərdi. Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakıda nümayiş uçuşları etdi, iki ölkə arasında birgə hərbi təlimlər keçirildi. Bu, İrana açıq siyasi-hərbi mesaj idi və Tehran geri çəkilməyə məcbur oldu.
2000-2020-ci illər ərzində Azərbaycan hüquq-mühafizə orqanları İranla bağlı bir sıra terror və casus şəbəkələrini ifşa edib. Məsələn, 2002-ci ildə Bakıda və Naxçıvanda əməliyyatlar keçirilib, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan şəxslər saxlanıb. Onların əsas məqsədi Azərbaycanın beynəlxalq tərəfdaşlarına, xüsusilə İsrail və bəzi Qərb dövlətlərinin səfirlik və şirkətlərinə qarşı hücum planlarını həyata keçirmək idi. Hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində 2005-ci ildə Azərbaycandakı xarici diplomatlara qarşı sui-qəsd hazırlayan dəstə zərərsizləşdirilib. 2007-ci ildə isə şimal-qərb bölgəsində saxlanılan şəxslərin İranla əlaqəli radikal dini şəbəkə yaratmaq niyyətində olduqları müəyyən edildi.
2012-ci ildə Bakı möhtəşəm tədbirə, Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edəndə də bir sıra təxribatların qarşısı alınıb. İranla əlaqəli olan və saxlanılan bir qrup şəxsin məqsədi Bakıda və digər şəhərlərdə partlayışlar, terror törətmək olduğu müəyyən edilib. Onlar Bakıda xarici qonaqların sıx məskunlaşdığı otellərə hücum etməli, sui-qəsdlər törətməli, Azərbaycanın beynəlxalq arenada nüfuzunu sarsıtmalı idilər. Amma təhlükəsizlik orqanları bu hücumların da qarşısını vaxtında aldılar. Həmin şəxslərin İranla əlaqəli olduğu və xarici təsirə malik şəbəkənin tərkibində fəaliyyət göstərdiyi də istintaq materiallarında göstərildi. Nəticədə onlar cinayət məsuliyyətinə cəlb olunaraq uzunmüddətli həbs cəzalarına məhkum edildilər.
2015-ci ildə Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatla illərdir hazırlanan ideoloji partlayışın qarşısı alındı. Adını “Müsəlman Birliyi” qoyan hərəkat dini şüarlar altında Azərbaycanın dünyəvi dövlət modelini hədəf almışdı. Nardaran hadisələri zamanı tərəfdarların əlindəki bayraqlar, istifadə etdikləri şüarlar və mənimsədikləri ritorika birbaşa İranın dini-siyasi doktrinası ilə eynilik təşkil edirdi.

2016-cı ilin yanvarında İranda sığınacaq tapan Tohid İbrahimbəyli tərəfindən yaradılan “Hüseyniyyun” (və ya Azərbaycan İslam Müqavimət Hərəkatı) İranın Yaxın Şərqdə tətbiq etdiyi “proksi qüvvələr” modelinin birbaşa Azərbaycana qarşı yönəlmiş versiyadır. Qruplaşmanın əsas hədəfi Azərbaycanın konstitusiya quruluşunu zorakı yollarla devirməkdir. Onlar mütəmadi olaraq sosial şəbəkələrdə Azərbaycan dövlət rəhbərliyini, ordusunu və təhlükəsizlik orqanlarını hədəf alan videolar paylaşır, “işğalçı rejimə qarşı mübarizə” adı altında terror çağırışları edirlər. Hüseyniyyun” üzvləri İran tərəfindən həm də bir şantaj vasitəsi kimi istifadə olunur. Azərbaycanla münasibətlər gərginləşən kimi, Tehran bu qruplaşmanın rəhbərlərinə tribuna verir və onları “gələcək hakimiyyət” kimi təqdim etməyə çalışır. Azərbaycan tərəfi bu qruplaşmanın üzvlərini dövlətə xəyanət və qanunsuz silahlı birləşmə yaratmaqda ittiham edərək beynəlxalq axtarışa verib.
2018-ci ildə Gəncədə baş verən hadisə bir daha sübut etdi ki, İran Azərbaycanın dövlətçiliyinə, ictimai sabitliyə qarşı hərəkətlərindən əl çəkmək niyyətində deyil. İcra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi törədən Yunis Səfərovun 2016‑cı ildə İranda Qum şəhərində 8 ay yaşadığı və sonra Suriya ərazisində silahlı qruplarla birgə təlim keçdiyi rəsmi istintaq materiallarında göstərildi. Bu təlimlərin uzunmüddətli radikal dini təsirlərlə bağlı olduğu vurğulanır. Bu misalları çoxaltmaq olar, növbəti illərdə də İranın xüsusi xidmət orqanlarından tapşırıqlar alan bir sıra qruplaşmalar ifşa edilib və həbsə göndərilib.
2020-ci il müharibəsində də İranın rəsmi olaraq neytral mövqedə olduğunu bəyan etsə də, Ermənistanı dəstəkləməsi, silah-sursatın ötürülməsində tranzit rol oynaması barədə kifayət qədər faktlar var. Bu, həm də İranın sərhəd bölgələrindəki iqtisadi və nəqliyyat tranzit imkanlarından istifadə etməsi, həmçinin Ermənistana humanitar və texniki dəstək kanallarının fəaliyyətdə olması ilə əlaqəli idi. Bununla yanaşı, müharibədən sonra 2021-ci ildə İran silahlı qüvvələrinin məhz işğaldan azad edilmiş rayonlarla sərhəddə genişmiqyaslı təlimlər keçirməsi də bir təxribat və güc göstəricisi kimi yadda qalmışdı.
2023-cü ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildi. Bu hücum adi bir kriminal hadisə deyildi. Səfirliyə edilən basqın beynəlxalq hüququn təməl prinsiplərinə və diplomatik toxunulmazlıq statusuna qarşı yönəlmiş planlı bir terror aktı idi. İki nəfərin yaralanması, bir nəfərin isə səfirliyi qoruyarkən şəhid olması Vyana Konvensiyasının qəbul edən dövlət üzərinə qoyduğu “diplomatik nümayəndəliyin mühafizəsini təmin etmək” öhdəliyinin İran tərəfindən kobud şəkildə pozulduğunu nümayiş etdirdi. Azərbaycan tərəfi hadisəni dərhal terror aktı kimi qəbul etdi və səfirliyi təxliyyə etdi. Bu addım rəsmi Bakının milli təhlükəsizlik və öz vətəndaşlarının həyatına verdiyi strateji önəmin göstəricisi idi. İranın hadisəni əvvəlcə “məişət zəmini” kimi təqdim etmək cəhdləri Azərbaycanın qətiyyətli sübutları və beynəlxalq təzyiqlər qarşısında iflasa uğradı, nəticədə bu hadisə regionda diplomatik etimadın ən aşağı səviyyəyə endiyi bir dönüş nöqtəsi kimi tarixə düşdü.

Son olaraq, 2026-cı ilin 5 mart tarixində İran tərəfindən Naxçıvanın hava məkanı pozularaq dron hücumu həyata keçirilib. Hücum zamanı hava limanı, kənd məktəbi hədəf alınıb. Dron hücumları 4 nəfərin yaralanmasına, infrastrukturlara ciddi ziyan dəyməsi ilə müşayiət olunub. Hücum rəsmi Bakl tərəfindən terror aktı və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib. Bu, həm də İran tərəfindən 30 ildən çoxdur davam edən, suverenliyə qarşı yönəlmiş təxribatın növbəti təzahürüdür. İranın bu hərəkəti Azərbaycanın səbir kasasını daşırıb.
Rəsmi Bakı İrandakı səfirlik və konsulluğun təxliyə edilməsi barədə qərar qəbul edib, silahlı qüvvələr hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, İranla sərhəddə bəzi keçidlər bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. İslam Respublikasının növbəti təxribatı bir sıra xarici dövlətlərin də kəskin reaksiyasına səbəb olub. Bir sıra ölkə başçıları və rəsmi qurumlar İranın hücumunu pisləyən bəyanatlar səsləndiriblər. Azərbaycan tərəfi isə haqlı olaraq rəsmi Tehrandan ciddi araşdırma və üzr tələb edir.
Beləliklə, son otuz ildən artıq dövrdə baş verən hadisələr göstərir ki, İranın Azərbaycana qarşı fəaliyyəti təsadüfi və epizodik xarakter daşımır. Terror şəbəkələrinin yaradılması, radikal dini qrupların dəstəklənməsi, casus fəaliyyətləri və hərbi təxribatlar Tehran tərəfindən müxtəlif dövrlərdə istifadə edilən təzyiq alətlərinə çevrilib. Lakin Azərbaycan dövləti bu cəhdlərin qarşısını almaq üçün həm təhlükəsizlik tədbirlərini gücləndirib, həm də regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirib. Nəticə etibarilə, bütün bu təxribatlara baxmayaraq, Azərbaycan öz dünyəvi dövlət modelini, sabitliyini və müstəqil inkişaf yolunu qoruyub saxlamağı bacarıb.
Kamil Məmmədov


