Avstriya naziri Azərbaycanla həmrəyliyini bildirib

Baş səhifə

Bakı. Trend:

5 mart 2026-cı il tarixində Avstriyanın Avropa və beynəlxalq
məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng
vurub.

Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə
İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirilib ki,
Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu
hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur
və regionda gərginliyin artmasına xidmət edir.

Avstriya naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron
hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəy olduğunu
bildirib.

Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha da
gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin
artırılması və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin
vacibliyi də vurğulanıb.

Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının
Azərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmış
şəraitə görə ölkəmizə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.