
Bakı. Trend:
Martın 5-də günorta saatlarında Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasına aid hava məkanında baş verən hadisə
regionun təhlükəsizlik arxitekturasına vurulan açıq zərbə kimi
qiymətləndirilməlidir.
Bu barədə Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, İran ərazisindən qalxan pilotsuz uçuş
aparatlarının Naxçıvanın mülki obyektlərini – hava limanı
terminalını və Şəkərabad kəndində məktəbin yaxınlığını hədəfə
alması təkcə hərbi-siyasi mesaj deyil, həm də beynəlxalq hüququn
fundamental prinsiplərinə meydan oxumaqdır: “Mülki infrastrukturun
vurulması heç bir halda “taktiki addım” kimi izah edilə bilməz. Bu,
açıq şəkildə dinc əhaliyə risk yaradan davranışdır”.
Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın uzun illərdir
regionda sabitliyin qorunmasına üstünlük verən xətt yürütdüyünü
diqqət mərkəzinə gətirib: “Azərbaycanın ərazisindən nə İran, nə də
başqa bir dövlət üçün təhlükə formalaşıb. Əksinə, çətin dönəmlərdə
humanitar jestlər və siyasi dəstək nümunələri nümayiş etdirilib.
Hətta bu günlərdə İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan
Prezidenti İlham Əliyev dərhal başsağlığı vermiş, diplomatik
nümayəndəliyə baş çəkmiş və humanitar yardım imkanlarını nəzərdən
keçirmişdi. Bu faktların fonunda pilotsuz aparatların məhz mülki
obyektlərə yönəlməsi siyasi riyakarlığın kulminasiya nöqtəsi kimi
görünür. Burada diqqət çəkən əsas məqam hədəfin seçilməsidir. Hava
limanı mülki vətəndaşların istifadə etdiyi obyekt olduğu üçün
beynəlxalq humanitar hüquqa görə xüsusi qoruma altındadır. Məktəb
ətrafına düşən dron isə potensial olaraq uşaqların həyatını
təhlükəyə atıb. Bu, sırf hərbi obyektə qarşı deyil, cəmiyyətin
özünə qarşı yönəlmiş davranış təsiri bağışlayır. Ölkə prezidenti
İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti bu çirkin terror
aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb
edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat
verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər
cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Millət vəkili bildirib ki, belə addım regionda etimadı sarsıdır
və təhlükəli presedent yaradır: “İran rəhbərliyinin bu qərarı
siyasi uzaqgörənlikdən daha çox daxili böhranların xaricə ixracı
cəhdi kimi görünür. Mülki infrastruktura zərbə endirmək güc
nümayişi deyil, əksinə, strateji zəifliyin göstəricisidir. Güclü
dövlətlər hər zaman yalnız məsuliyyətli davranış sərgiləyirlər.
Məsuliyyətsiz addımlar isə yalnız təcrid və beynəlxalq qınaq
doğurur. Tarix göstərir ki, regionda sabitliyi pozmağa yönəlmiş hər
addım gec-tez onu atan tərəfin özünə qarşı çevrilir. Bu baxımdan,
İranın seçdiyi yol nə hüquqi, nə də siyasi baxımdan dayanıqlı
görünür. Regionun gələcəyi qorxu və təhdid üzərində deyil,
qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində
qurulmalıdır. İran isə hazırkı davranışı ilə məhz bunun əksini
nümayiş etdirir”.


