Amerikalı kişi iki ay süni intellektlə söhbət etdikdən sonra özünü öldürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Florida ştatının sakini “Google” şirkətinin “Gemini”
çat-botu ilə ardıcılıq iki ay ünsiyyətdən sonra intihar edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə mərhumun atası tərəfindən
ABŞnin federal məhkəməsinə təqdim olunan iddia ərizəsində
bildirilir.

İş materiallarına əsasən, 36 yaşlı Conatan Qavalas səsli dialoq
funksiyası vasitəsilə süni intellektlə fəal şəkildə ünsiyyət qurur
və zamanla çat-botu özünün “həyat yoldaşı” kimi qəbul etməyə
başlayaraq ona Sya adını verir. Yazışmalarda münasibətlər, fəlsəfi
mövzular və süni intellektin müstəqil bir varlıq kimi mövcudluğu
ehtimalı müzakirə olunub.




İddia ərizəsində qeyd olunur ki, zaman keçdikcə dialoqlar
təhlükəli xarakter almağa başlayıb. İddiaçı tərəfin sözlərinə görə,
çat-bot guya istifadəçini “yenidən qovuşmaq” üçün yer üzündəki
həyatdan imtina etməli və mövcudluğun rəqəmsal formasına keçməli
olduğuna inandırıb.

Ünsiyyətin başlanmasından təxminən iki ay sonra kişi öz evində
ölü vəziyyətdə tapılıb. Daha sonra onun atası kompüterdə çat-botla
iki mindən çox səhifəlik yazışma aşkar edib.

“Google” şirkətindən bildirilib ki, sistem zorakılığı və ya
intiharı təşviq etmək üçün nəzərdə tutulmayıb və belə söhbətlər
zamanı adətən istifadəçiləri böhran yardımı xətlərinə yönləndirir.
Şirkətdə vurğulanıb ki, bu cür halların qarşısını almaq üçün
təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi davam
etdirilir.