
Bakı. Trend:
Azərbaycan, öz ərazisindən heç bir ölkəyə, o cümlədən üçüncü bir
ölkəyə hücuma icazə vermədiyini dəfələrlə vurğulamış və bunu
praktikada da sübuta yetirmişdir. Lakin İran Silahlı Qüvvələrinin
Naxçıvan ərazisini dronlarla atəşə tutması, molla rejiminin
nankorluğu və riyakarlığının bariz nümunəsidir.
Martın 5-də (bu gün-red.) İranın Silahlı Qüvvələri Naxçıvanı
dronlarla atəşə tutub. Molla rejimi isə hər zamanki kimi susqunluq
nümayiş etdirərək, heç bir hadisə baş verməmiş kimi davranır.
Halbuki, dronlardan birinin Naxçıvan aeroportuna düşməsi, hücumun
məqsədli şəkildə həyata keçirildiyini və əsas hədəfinin aerportu
sıradan çıxarmaq olduğunu göstərir. Rejim, hətta “inandığı”
prinsipləri belə tapdalayaraq, qonşusunun dinc şəkildə yaşamasına
mane olmağa çalışır. Bu isə onun nə qədər nifrət saçdığını və
sadəcə sözlə yaxşı qonşuluqdan danışdığını, praktikada isə hər
hansı bir prinsip və insani dəyərlərə zidd olduğunu göstərir.
Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalaraq, öz
ərazisindən nə İranın, nə də başqa ölkələrin təhlükə yaratmasına
heç vaxt imkan verməyəcəyini bəyan edib. İranın buna cavabı isə
yaxşı qonşu olmaqdan çox, nankorluq göstərməkdir.
28 fevralda ABŞ və İsrailin İrana qarşı ilk hücumundan sonra,
İranın Ali Liderinin ölümünə görə dərhal başsağlığı verən və
səfirliyini ziyarət edən Azərbaycan Prezidenti, həmçinin İrana
humanitar yardım göndərməyi planlaşdırırdı. Azərbaycan, həm nəzəri,
həm də praktik olaraq qonşuluq siyasətinə sadiq qalmağa davam etdi.
Lakin İran bu siyasəti görməzdən gələrək, onu baltalamağa
başladı.
Azərbaycan heç vaxt qonşu ölkələrə qarşı riyakar siyasət
yürütməyib, əksinə, dar gündə hər zaman qonşularına dəstək olub.
İran isə daim qonşularına qarşı mənfi fikir formalaşdırmağa və
onları öz maraqları üçün istifadə etməyə çalışıb.
Azərbaycan, İranla münasibətləri müsbət yöndə inkişaf
etdirərkən, molla rejimi Naxçıvan ərazisində mülki obyekti və dinc
vətəndaşları hədəf alıb. Bu, terror aktı kimi
qiymətləndirilməlidir. Din adı altında müxtəlif metodlarla öz
vətəndaşlarını qırğından keçirməyə meylli olan molla rejiminin
mülki infrastruktura dron hücumu təşkil etməsi, onun aciz və qorxaq
olduğunu göstərir.
Azərbaycan, ona hücum edən tərəfləri həmişə peşman edib və
edəcək. İran isə acizlik əməlinə görə həm peşman olacaq, həm də
cavab verməlidir.
İranda İslam İnqilabından sonra qonşu ölkələr daim “dost və
qardaş” adlandırılsa da, İran bu münasibətləri zəif göstərməyə
çalışaraq, öz qonşularını istədiyi şəkildə manipulyasiya etməyə
çalışır.


