
Bakı. Trend:
Cənub qonşumuz olan İran Azərbaycana qarşı
münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə
kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran
ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə
dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor
və riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm də
İranın Azərbaycana qarşı törətdiyi növbəti terror
hadisəsidir.
Məlum olduğu kimi Azərbaycan Respublikası İranla münasibətlərə
hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşmışdır. Azərbaycan
ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmamış,
yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara
baxmayaraq İranın daxili işlərinə qarışmamış, bu qonşu ölkədə
əmin-amanlığın olmasını arzulamışdır. Ölkəmiz habelə beynəlxalq
müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi
qarşıdurmalara qoşulmamışdır. Çünki İranda hər hansı xoşagəlməz
hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb
edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik,
siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki,
bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz
münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun.
Fevral ayının 28-dən başlanan məlum hadisələrdən sonra da
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri
maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq
hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa
çağırmışdır.
Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinin
telefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbi
eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunmuş, hər
hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı
istifadə edilməsinin mümkün olmadığı vurğulanmışdır.
Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud
Pezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı
ilə əlaqədar başsağlığı vermişdir. Həmçinin Prezident İlham Əliyev
martın 4-də İranın ölkəmizdəki səfirliyində olmuş, Xameneinin və
bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı
vermişdir. Prezident İlham Əliyevdən başqa heç kim İran səfirliyinə
gedib başsağlığı verməmişdir.
Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İran
dövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedən
çıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumu
ilə bağlı Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də
keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının
qeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini
alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycan
ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun
bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.
İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun
terrorçu simasını ortaya qoyur. Təhlükəsizlik Şurasının iclasında
Prezident İlham Əliyev bu hadisənin Azərbaycan dövlətinə qarşı
terror aktı olduğunu bildirmişdir:
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı,
Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan
Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş
aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki
obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal
binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə
məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını
qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb
edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat
verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər
cinayət məsuliyyətinə cəlb edilməlidir”.
İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin və
terrorçu hərəkətlərə yol vermişdir. Azərbaycan dövlətinin Vətən
müharibəsindəki qələbəsini, torpaqlarını işğaldan azad etməsini
həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərək
Azərbaycanı təhdid edən İranda 2023-cü il yanvar ayının 27-də
Azərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir.
Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehranda
səfirliyimizə edilən xain və terrorçu hücumda məqsəd, elə
Azərbaycana qarşı terror törətmək idi.
Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularına
qarşı heç vaxt riyakar və qərəzli mövqe tutmamışdır. Əksinə
dövlətimiz həmişə dar gündə qonşularına köməkliklər göstərmişdir.
Respublikamız İrana da humanitar yardım göndərməyi planlaşdırırdı.
Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bir faktı
da diqqətə çatdırdı ki, İranın xarici işlər nazirinin müavini
Bakıya zəng edərək İran səfirliyinin Livanda qalmış əməkdaşlarının
təxliyəsi üçün kömək istəyib. Prezident İlham Əliyevə məruzə
edildikdən sonra dövlətimizin başçısı köməklik göstərilməsi barədə
dərhal göstəriş verib. Lakin bütün bunların müqabilində İran
Azərbaycana qarşı namərdlik etdi.
“Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə
göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə
hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək
göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların
müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə
endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt
silinməyəcək”, – deyə Prezident İlham Əliyev bildirib.
İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların
istifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu,
nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyata
keçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildə
İranın üzərinə düşür. Əlbəttə Azərbaycan məsələni cavabsız
qoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görmək
hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu şərəfsizlər, bizə
qarşı bu terror aktını törədənlər peşman olacaqlar.
Xanlar Fətiyev
Milli Məclisin deputatı


