
Bakı. Trend:
Niderlandın ING bank qrupu 2028-ci ilə qədər Azərbaycanın ÜDM
artımı ilə bağlı yenilənmiş proqnozunu dərc edib.
Trend xəbər verir
ki, analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDM
artımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizə
qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il üzrə rüblər üzrə aşağıdakı göstəricilər
proqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3 faiz, ikinci rübdə 2
faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz olacaq.
2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3 faiz,
ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5
faiz səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmində
ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə
müqayisədə 1,4 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz
sektorunda isə 2,7 faiz artıb. ÜDM-in istehsal strukturunda
sənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri
11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5
faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz,
turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya
və rabitə 2,1 faiz, digər sahələr 21,7 faiz təşkil edib. Məhsullara
və idxala görə xalis vergilər ÜDM-in 9,6 faizinə bərabər olub.
Adambaşına düşən ÜDM isə 12 602,2 manat təşkil edib.


