
Bakı. Trend:
İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan Muxtar
Respublikasının ərazisinə dron zərbəsinin endirilməsi təkcə hərbi
insident kimi deyil, həm də regionda uzun illər formalaşmış
qonşuluq münasibətlərinə qarşı açıq hörmətsizlik kimi
qiymətləndirilməlidir. Bu addım İranın teokratik rejiminin nə qədər
riyakar və nankor olduğunu bir daha ortaya qoyur. Çünki Azərbaycan
dövləti tarix boyu İranla münasibətlərində qarşıdurma yolunu deyil,
qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipini əsas götürüb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü, deputat Elçin Mirzəbəyli deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin
əsas istiqamətlərindən biri həmişə qonşu dövlətlərlə sabit və
qarşılıqlı faydalı münasibətlərin qurulması olub:
“Azərbaycanın ərazisindən nə İran üçün, nə də başqa hər hansı
dövlət üçün heç vaxt təhlükə yaradılmayıb. Əksinə, rəsmi Bakı daim
regionda sabitliyin qorunmasına töhfə verən addımlar atıb və qonşu
ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Bu,
Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin
fundamental prinsiplərinə bağlılığının aydın göstəricisidir”.
Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, İran
tərəfinin Naxçıvan ərazisində mülki infrastrukturu, xüsusilə də
mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması
ciddi suallar doğurur:
“Belə bir hücum nə hərbi zərurətlə, nə də təhlükəsizlik
arqumentləri ilə əsaslandırıla bilər. Mülki infrastruktura qarşı
dron hücumu beynəlxalq humanitar hüquq baxımından qəbuledilməzdir
və bu cür addımlar açıq şəkildə terror aktı kimi
qiymətləndirilməlidir. Dinc sakinlərin istifadə etdiyi obyektlərin
hədəf alınması, ilk növbədə, mülki əhaliyə qarşı yönəlmiş təhlükəli
və qeyri-insani davranışın göstəricisidir”.
E.Mirzəbəyli əlavə edib ki, bu hadisə İranın niyə məhz
Naxçıvan Hava Limanını hədəf seçdiyi sualını da gündəmə
gətirir:
“Məlum olduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
Muxtar Respublikası arasında quru əlaqəsi uzun illərdir blokada
şəraitindədir. Bu blokadanın əsas səbəblərindən biri Ermənistanın
regionda həyata keçirdiyi işğal və təcrid siyasəti olub və bu
siyasət uzun müddət müxtəlif regional aktorlar tərəfindən dolayısı
ilə dəstəklənib. Nəticədə Naxçıvanla Azərbaycanın digər bölgələri
arasında ən sabit və operativ əlaqə məhz hava nəqliyyatı vasitəsilə
təmin olunur. Deməli, hava limanının hədəfə alınması Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında həyati əhəmiyyət daşıyan
kommunikasiya xəttini iflic etmək və bölgəni təcrid vəziyyətinə
salmaq cəhdi kimi qiymətləndirilməlidir.
Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan
Azərbaycan ərazilərini işğal etdiyi dövrdə də eyni strategiyadan
istifadə etmiş, nəqliyyat və kommunikasiya xətlərini hədəfə almaqla
ölkəni iqtisadi və logistik təzyiq altında saxlamağa çalışmışdı. Bu
baxımdan İranın belə bir üsula əl atması regionda daha əvvəl tətbiq
edilmiş blokada və təcrid siyasətinin təkrarı kimi görünür”.
Milli Məclisin üzvü bildirib ki, mülki infrastruktura dron
hücumu təşkil etmək hərbi güc nümayişi deyil:
“Əksinə, bu cür addımlar siyasi və hərbi acizliyin, eyni zamanda
qorxaqlığın açıq göstəricisidir. Hərbi üstünlüyə malik dövlətlər
mülki obyektləri hədəf almır. Mülki hava limanının vurulması isə
göstərir ki, məqsəd hərbi nəticə əldə etmək deyil, psixoloji təzyiq
yaratmaq və sabitliyi pozmaqdır.
Tarix isə göstərir ki, Azərbaycana qarşı aqressiv addımlar atan
qüvvələr sonda öz səhvlərinin ağır nəticələri ilə üzləşiblər.
Azərbaycan dövlətinin suverenliyinə və təhlükəsizliyinə qarşı
yönəlmiş hər hansı təhdid gec-tez adekvat cavabını alıb və bu
addımları atan tərəflər bundan peşman olublar”.
“Rəsmi Bakı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və
mehriban qonşuluq prinsiplərinə sadiq qalmaqda davam edir. Lakin bu
o demək deyil ki, ölkənin təhlükəsizliyinə və vətəndaşlarının
həyatına yönəlmiş təhdidlər cavabsız qalacaq.
Regionda sülh və sabitliyin yolu qarşıdurmadan deyil, qarşılıqlı
hörmət və məsuliyyətli siyasətdən keçir. “Molla rejimi” bunu nə
qədər tez anlasa, bir o qədər yaxşı olar”, – deyə o fikrini
yekunlaşdırıb.


