İranın Azərbaycan ərazisinə bu hücumu qeyri-dost addımdır – Deputat

Baş səhifə

Bakı. Trend:

İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqona
çevirməyən, İranın Ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verən
Azərbaycan bu gün İranın dron zərbələrinə məruz qalır.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva
bildirib.

Onun sözlərinə görə, Türkiyə vurulduğu zaman bu hadisəni şərh
edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki,
“İran özünü itirib, sağa-sola dron atır, özü gedərkən başqalarını
da aparmaq istəyir”:

“Qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümkün
təsirləri əvvəldən aydın idi. Azərbaycanın xarici siyasət
prioritetlərindən biri də qonşularla normal münasibətlərin
qorunması, qonşu ölkələrdə münaqişələrin olmaması və regionda
sabitliyin təmin edilməsidir. İranla münasibətlərimiz də bu günə
qədər normal olub”, – deputat qeyd edib.

Pərvanə Vəliyeva vurğulayıb ki, Naxçıvana dron zərbəsi
qətiyyətlə pislənilməlidir.




“Zərbələr nəticəsində vətəndaşlarımız xəsarət alıb. Azərbaycan
ərazisinə edilən bu hücum qeyri-dost addımdır. Azərbaycan öz
sərhədləri daxilində baş verən hər hansı hücuma cavab vermək
hüququna və gücünə malikdir. Qarşı tərəf rəsmi şəkildə üzr istəməli
və bu kimi addımlara dərhal son qoymalıdır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.